“Azərbaycan əsrlər boyu burada yaşayan
və müxtəlif dinlərə inanan bütün millətlər üçün
vətən olub”
BAKIDA İKİNCİ
ÜMUMDÜNYA MƏDƏNİYYƏTLƏRARASI DİALOQ
FORUMU KEÇİRİLİB
Prezident İlham Əliyevin himayəsi ilə mayın 29-dan iyunun 1-dək Bakıda “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Mayın 29-da Forum çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Bakı Biznes Mərkəzində Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi olub.
Əvvəlcə “Azərbaycan – tolerantlıq məkanı” adlı qısametrajlı film nümayiş etdirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Milli Tolerantlıq Mərkəzinin yaradılmasının əsas məqsədləri və perspektiv fəaliyyət istiqamətləri barədə təqdimat edərək ölkəmizdəki mövcud tolerantlıq barədə məlumat verib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri təqdimatın əhəmiyyətindən danışıblar: “Bu təşəbbüs Azərbaycanda dinlərarası münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynayacaq. Təqdimat təsadüfi deyil, Milli Tolerantlıq Mərkəzi dinlərarası və mədəniyyətlərarası tolerantlığa töhfə verəcək. Milli Tolerantlıq Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. Azərbaycandakı mövcud tolerantlıq mühiti dünyaya nümunə ola biləcək bir modeldir”. Tədbirdə UNESCO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunub.
Tədbirdə dünya şöhrətli fotoqraf Reza Deqati tərəfindən Milli Tolerantlıq Mərkəzinin ilk layihəsi olan “Azərbaycan – tolerantlıq məkanı” təqdim edilib. Layihə çərçivəsində Azərbaycanda mövcud olan dini və tarixi-dini mərkəzlər, abidələr Reza Deqati tərəfindən fotolara köçürülüb. Mərasimdə Milli Tolerantlıq Mərkəzinin “Hörmət naminə birləş” adlı layihə çağırışının da təqdimatı keçirilib. Sonda İSESCO və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə DQİDK arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Forum çərçivəsində keçirilən mədəni tədbirlər sırasında “Dünyanın Musiqi Filmləri Turu” proqramı da yer alıb. “Dünyanın Musiqi Filmləri Turu” iyunun 1-dək davam edəcək. Şəhər sakinləri proqrama daxil edilmiş digər ölkələrin film nümunələrinə tamaşa edərək Argentina tanqosu, Balkan yarımadasındakı dövlətlərdə yayılmış türk musiqisi, ənənəvi ərəb musiqisi, Alim Qasımovun ifasında Azərbaycan muğamı və bir çox başqa xalqların folklor musiqisi nümunələri ilə tanış olmaq imkanı qazanacaqlar. Proqrama daxil olan dünya xalqlarının etnik və ənənəvi musiqisinə həsr olunan filmlər Azərbaycan, Almaniya, İspaniya, Fransa, Hindistan, Bolqarıstan, Əfqanıstan, Böyük Britaniya, ABŞ, Mərakeş, Meksika və başqa ölkələrdə çəkilib. Film nümayişlərinə bu ölkələrin kino və musiqi ustalarının birgə məhsulu olan audiovizual əsərlər daxil edilib.
Forum çərçivəsində mayın 29-da Dənizkənarı Milli Parkda BMT-nin Ümumdünya Mədəni Müxtəliflik Gününü qeyd olunması şərəfinə “Mədəni müxtəliflik üçün bir şey et” qlobal kampaniyasına həsr olunmuş mərasim keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək hər il forum çərçivəsində Ümumdünya Mədəni Müxtəliflik Gününün qeyd etdiklərinə görə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naserə təşəkkürünü bildirib: “Artıq ikinci dəfədir ki, Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Nazir Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Forumun 2 ildən bir keçirildiyini söyləyib. Forum vasitəsilə Azərbaycan real tolerantlığın, sülh şəraitinin hökm sürdüyü bir ölkə olduğunu göstərməyə nail oldu”.
Nasir Əbdüləziz əl-Naser “Mədəni müxtəliflik üçün bir şey et” qlobal kampaniyası barədə məlumat verərək bildirib ki, kampaniyaya milyonlarla insan cəlb olunub, son bir neçə həftə ərzində kampaniya çərçivəsində yüzlərlə tədbir keçirilib: “ “Mədəni müxtəliflik üçün bir şey et” qlobal kampaniyası müxtəlif qitələrdən olan insanları bir yerə yığaraq gözəl işlər görməyə çağırır, saysız-hesabsız insanı bir amal ətrafında birləşdirir. Kampaniyanın əsas motivlərindən biri dünyada əmin-amanlığın qorunmasıdır”.
Mayın 30-da Heydər Əliyev Mərkəzində 2-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılışı olub.
Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, forumun keçirilməsi 2008-ci ildə başlanmış Bakı prosesinin davamıdır: “Bakı coğrafi körpü rolunu oynamaqla yanaşı, mədəniyyətlərarası körpü rolunu da oynamaqdadır. Artıq Bakı prosesi inkişaf edir. Azərbaycan əsrlər boyu burada yaşayan və müxtəlif dinlərə inanan bütün millətlər üçün vətən olub. Azərbaycanın uğurlu inkişafında bu amilin rolu böyükdür. Biz istəyirik ki, xoşagəlməz halların qarşısı alınsın. Əfsuslar olsun ki, buna nail ola bilmirik. Dünyanın müxtəlif yerlərində dini və milli zəmində qarşıdurmalar baş verir”.
Azərbaycanın əsrlər boyu tolerantlıq nümunəsi olduğunu deyən Prezident İlham Əliyev müstəqillik dövründə nəinki bu müsbət meyllərin qorunub saxlandığını, hətta genişləndirildiyini bildirib: “Xalqlararası, millətlərarası dialoq bu meylləri gücləndirir. Ölkələrin siyasi, iqtisadi maraqları var. Ölkələrarası münasibətləri gücləndirmək üçün xalqlararası münasibətlər də qurulmalıdır. Bu dünyada hər bir xalq, millət üçün yer var. Təki sülh olsun, əməkdaşlıq olsun. Bizim regional münasibətlərlə bağlı addımlarımız əməkdaşlığa yönəlib. Azərbaycan müsəlman aləminin bir parçasıdır, eyni zamanda XIX əsrdən başlayaraq Azərbaycana Avropa təsiri də özünü göstərir”.
Dövlət başçısı Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatında mühüm rol oynadığını, bununla yanaşı, keçən il Avropanın ən mötəbər musiqi yarışmasının Bakıda keçirildiyini, 2015-ci ildə isə birinci Avropa Olimpiya Yarışlarının Bakıda keçiriləcəyini bildirib: “Son zamanlar multikulturalizmlə bağlı müxtəlif ziddiyyətli fikirlər səslənir, bədbin bəyanatlar verilir. Bəzi siyasi bəyanatlar, media qurumları sivilizasiyalararası dialoqa deyil, onun əleyhinə xidmət edir. Azərbaycanda multikulturalizm əsrlər boyu olub. Azərbaycan multikulturalizmin ünvanlarından biridir. Dünyanın istənilən yerində bu meyl güclənə bilər. Təki siyasi iradə olsun”.
Ermənistanın yürütdüyü işğalçılıq siyasətindən danışan prezident bildirib ki, işğal altındakı Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələri tərəfindən bütün abidələr, binalar, bütün infrastruktur dağıdılıb: “Beynəlxalq hüquq normaları bu münaqişənin həlli məsələsində işləmir. Ermənistan BMT TŞ-nin qətnamələrinə məhəl qoymur, işğal davam edir və beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Oradakı bütün toponimlər, abidələr Azərbaycana məxsusdur”.
Tədbirdə çıxış edən BMT Sivilizasiyalararası Alyansının katibi Nasir Əbdüləziz əl-Nasir BMT baş katibi Pan Gi Munun salamlarını çatdırıb.
Mərasimdə UNESCO-nun baş direktoru İrina Bokova, İSESCO-nun baş direktoru Əbdüləziz Osman ət-Tüveycri çıxış ediblər.
Forumun plenar sessiyalarında müxtəlif məsələlər müzakirə olunub. Tədbir çərçivəsində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının “İnkişaf etməkdə olan Liderlər” proqramının 1-ci Məzunlar Sammiti, Ümumdünya Forumunun 1-ci Nazirlər Görüşü, “Sülh Təsvir Edək” adlı UNESCO sərgisi də keçirilib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 1 iyun.- S.22.